Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, müşavirədə bir sıra məsələlərə, o cümlədən şəhərdə aparılan quruculuq və yaşıllaşdırma işləri, əsaslı təmir aparılan parklarda görülən işlərin vəziyyəti və digər məsələlər müzakirə edilib, işlərin sürətləndirilməsi ilə bağlı təsərrüfat xidmətləri rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Müşavirədə verilən tapşırıqların icra vəziyyəti, xüsusilə paytaxtın lift təsərrüfatının vəziyyəti ilə bağlı Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyində aparılan yoxlamaların nəticələri müzakirə edilib. Aparılan araşdırmalar zamanı bir sıra nöqsanlar aşkarlanıb.
Belə ki, çoxmərtəbəli yaşayış binalarının əksəriyyətində liftə aid xidməti otaqların bəzilərinin sakinlər tərəfindən zəbt edilməsi, bəzilərində qapıların olmaması, istismar müddəti bitmiş bir sıra liftlərin kabinalarının qeyri-qənaətbəxş olması və s. müəyyən edilib.
Eyni zamanda qeyd edilib ki, paytaxtda liftlərlə bağlı vəziyyət yaxşılığa doğru irəliləyib və mövcud nöqsanların ən qısa zamanda aradan qaldırılması ilə bağlı Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyinin direktoru Xalid Ələkbərova və Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyevə müvafiq tapşırıq verilib.
Müşavirədə həmçinin şəhər parklarının və istirahət guşələrinin abadlaşdırılmasının carı vəziyyəti təhlil edilib, vəziyyətin qənaətbəxş olduğu qeyd olunub və bu istiqamətdə də işlərin gücləndirilməsi ilə bağlı müvafiq təsərrüfat strukturlarına tapşırıq verilib.