Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağdaş rayonunun Aşağı Zeynəddin kəndi ərazisində fəaliyyət göstərən "Kamil-M” MMC-yə məxsus heyvan satışı bazarında yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb.

Bazar ərazisində diri heyvan satışı ilə yanaşı müxtəlif çeşiddə qida məhsullarının satışının həyata keçirildiyi, həmçinin ictimai iaşə xidmətinin göstərildiyi məlum olub. Bazarda mal qonşuluğu prinsipinin və temperatur rejiminin gözlənilmədiyi, piştaxtalar üzərində müxtəlif növ unlu-qənnadı məhsullarının açıq şəkildə satışının aparıldığı, qida məhsullarının saxlanılması üçün müvafiq avadanlıqların mövcud olmadığı, üzərində etiket məlumatı və qida təhlükəsizliyi sahəsində müvafiq müşayiətedici sənədləri olmayan konservləşdirilmiş və bal məhsullarının satışının həyata keçirildiyi, müxtəlif növ qida məhsullarının yerdən ara məsafəsi gözlənilmədən və birbaşa torpaq üzərinə yığıldığı aşkarlanıb.

Həmçinin bazar ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektinin sanitar-texniki və sanitar-gigiyenik tələblərə cavab vermədiyi, mətbəx sahəsinin tavan, döşəmə və divarlarının asan yuyula bilən və təmizlənən materiallarla üzlənmədiyi, işçi heyətin xüsusi geyimlə təmin olunmadığı və gigiyena qaydalarına əməl edilmədiyi, mütəmadi təmizlik işlərinin aparılmadığı müəyyən olunub.

Faktla bağlı bazar rəhbərliyi barəsində inzibati protokol tərtib olunub. Eyni zamanda bazarda qida məhsullarının satışının qadağan olunması və ictimai iaşə fəaliyyətinin dayandırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.