“Prezident tərəfindən Milli Məclisə 2024-cü ilin dövlət büdcəsinin yenidən baxılması ilə bağlı qanun layihəsi göndərilib”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 23-də keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, həmin qanun layihəsi qəbul edildiyi təqdirdə, dövlət büdcəsi xərclərinin proqnozlaşdırılan ÜDM-də xüsusi çəkisi bu 34 faizə çatıdırılacaq.
Qeyd edək ki, büdcə layihəsi gələn həftə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Mövzu ilə bağlı "Unikal"a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu, əslində yenilik deyil:
"Son illərdə bu hal təkrarlanır. Dekabr ayında büdcə layihəsinə nəzər yetiriləndə və qəbul ediləndə neftin qiyməti ilə bağlı məsələyə daha konservativ yanaşırlar. Yəni, ehtiyatlı davranırlar və neftin qiymətini ucuz götürürlər. Hökumət bütün hesablamaları həmin qiymətlə aparır. Daha sonra npvbəti ilin 5 ayında neftin qiymətinə nəzər yetirdikdən sonra büdcəyə dəyişikliklər edir.
Bu dəfə də eyni hal təkrarlanır. Çox güman ki, nefti dövlət büdcəsindəki qiyməti 70-75 dollara qədər artırılacaq. Bundan sonra, hesablamalar nəticəsində əldə nə qədər əlavə vəsait qalacaqsa, həmin vəsaitin xərclər hissəsində bölgüsünü görəcəyik. Böyük ehtimalla 2-3 milyard manat vəsait əlavə qalacaq. Sosial xərclərində artırılması mümkündür.
Biz istərdik ki, 180 minə yaxın müharibə veteranının aldığı müavinət artırılsın. Hazırda həmin məbləğ aylıq 80 manat təşkil edir. Gözləntilərdən biri də bu məbləğin artırılmasıdır. Çox güman ki, minimum əməkhaqqının məbləği ilə bağlı da dəyişiklik oluna bilər. Həmçinin, işğaldan azad olunmuş ərazilərin bərpası üçün ayrılan xərclərin artırılmasının da şahidi ola bilərik", - deyə ekspert qeyd edib.
Murad İbrahimli