Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May-Müstəqillik Gününə həsr edilən tədbir keçirilib.

"Unikal" xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Müstəqillik Gününün tarixi əhəmiyyəti barədə videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı, BDU-nun professoru, tarix elmləri doktoru Anar İsgəndərov, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, 106 nömrəli tam orta məktəbin tarix müəllimi Mehman Əhmədov, 166 nömrəli tam orta məktəbin direktor müavini Könül Quliyeva və digərləri 106 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ölkəmizin tarixinə olduqca mühüm hadisə kimi daxil olduğunu deyiblər. Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi mürəkkəb şəraitdə üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdiyi qeyd olunub.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan özünü Cümhuriyyətinin varisi elan etdi və suverenliyini qoruyub saxlamağı bacardı.

Məhz xalqın istəyi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı parçalanmaqdan xilas etdiyi, dövlətçilik ənənələrinin qorunması üçün qətiyyətli tədbirlər gördüyü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdiyi xüsusi diqqətə çatdırılıb. Hazırda Ulu Öndərin əsasını qoyduğu dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda YAP sıralarına yeni qəbul edilən bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olunub.