2022-ci ildə MİDA-nın güzəştli mənzil layihəsinə görə DTX tərəfindən həbs edilən Abdullayev Tərlan Tahir oğlu bu dəfə 4 nəfərə qarşı dələduzluq etdiyi üçün hakim qarşısına çıxarılır.
“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən Tərlan Abdullayevin cinayət işi Yasamal Rayon Məhkəməsinin hakimi Mirsadiq Seyidovun icraatına verilib.
Xatırladaq ki, Tərlan Abdullayev 2022-ci ildə Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30 mart 2022-ci ildə güzəştlə satışı prosesi yerinə yetirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə mənzillərin seçimi prosesinə müdaxilə edən dəstənin 6 üzvindən biri olub.
Həmin zaman bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən birgə məlumatda yaylmışdı.
Dövlət Təhlükəsizliyi Xidmətində ilkin araşdırmalar aparılaraq faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Azərbaycan Respublikası vətəndaşları Məmmədov Elçin Elman oğlu, Hacıyev Ruslan Afiz oğlu, Hüseynov Firudin İlqar oğlu, Lətifzadə Yunis İltimas oğlu, Abdullayev Tərlan Tahir oğlu və Məmmədov Cavid Fəhrad oğlu digərləri ilə əlbir olub ayrı-ayrı qruplar halında Mənzil İnşaatı Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan maddi maraq zəminində onlara müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci ildə “Güzəştli mənzil” informasiya sisteminə daxil olub və kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurublar.
Azər İsrafilov