"Qarşımızdakı hədəflərə çatmaq və planları həyata keçirmək üçün maliyyə təminatı lazımdır. Buna da dövlət büdcəsi maliyyə təminatçısı rolunda çıxış edir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcəyə dəyişikliyin müzakirəsi zamanı deputat Mahir Abbaszadə deyib.
"Cənab Prezident parlamentdə andiçmə mərasimində qeyd etdiyi kimi dövlətimizin qarşısında duran əsas məqsədlər işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq proseslərini sürətlə həyata keçirmək, bu ərazilərdən uzun müddət məcburi köçkün düşmüş insanları öz torpaqlarına qaytarmaq, eyni zamanda sərhədlərimizdə və regionumuzda baş verən hadisələrlə əlaqəli olaraq ciddi təhlükəsizlik tədbirlərinin həyata keçirilməsidir. Dövlət büdcəsindən hər iki istiqamət üzrə vəsaitlərin ayrılması göstərir ki, hökumət ölkə rəhbərinin çağırışlarına uyğun olaraq büdcədə yaranmış vəsaitləri bu istiqamətlərin daha sürətlə inkişaf etməsi ilə bağlı nəzərdə tutub", - deyə deputat bildirib.
Anar Kəlbiyev