Kriminal aləmdə "Nicat Lənkəranski" kimi tanınan Nicat Əkbərova silahlı hücum etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub.
"Unikal"ın məlumatına görə, dövlət ittihamçısı çıxış edərək bildirib ki, Vüqar Quliyevə məxsus 2005-ci il təvəllüdlü "Hyundai" markalı avtomobil cinayət zamanı istifadə olunduğu üçün müsadirə olunsun və dövlət nəfinə keçirilsin.
Ancaq Vüqar Quliyevin müdafiəçisi isə cinayət zamanı həmin avtomobil ilə deyil, icarəyə götürülən avtomobillə getdiyini bildirib.
Son söz nitqi ilə çıxış edən Şahmar İsmayılov zərərçəkəni öldürmək fikrində olmadığını qeyd edib: "Əgər öldürmək istəsəydim, onun 2 metrliyində idim, öldürərdim. Ermənilər bizim kəndləri talayıblar, onlara 15 il cəza verirlər. Ortada ölüm yoxdur, mənə 14 il cəza istəyirlər. Mənim yanımda olanların heç bir günahı yoxdur, biri sürücü olub, o birisini isə aldadıb avtomobilini internet vasitəsilə almaq istəmişəm. İndi mənə bir qrup şəxs maddəsi qoyublar. Mənim pula ehtiyacım olmayıb, maaşımda olub, dükanımda, fermamda var".
Növbəti çıxış edən təqsirləndirilən Vüqar Quliyev olub: "Dostumda silah olub, görmüşəm, gəlib deməmişəm. Neynəməli idim, gəlib deməli idim? Mənim Zakir Həsənov tərərfindən fəxri fərmanım var idman sahəsi üzrə, sərrast atıcıyam. Mən Nicatı tanımıram, Emin Qardaşoğlu sifarişçi olub deyirlər. Öldürmək istəyirdilər Eminin 4 qardaşı var, gedib öldürərdilər. Nicat indi çöldə nə gəzir. Mən tələbə idim, gələcəyim var idi. Mənə sifariş qoyublar, düzgün mühakimə edin məni. Əlim silaha dəymiyə-dəymiyə mənə ölümə cəhd qoyublar.
Sonda Ramal Məmmədov çıxış edərək ədalətli qərar çıxarılmasını istəyib.
İclasda hökm elan edilib.
Hökmə əsasən, Şahmar İsmayılov 13 il 6 ay, Vüqar Quliyev 12 il 6 ay, Ramal Məmmədov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən ili mart ayında Bakı şəhərində baş vermişdi. İnsident nəticəsində məsələyə aidiyyəti olmayan iki nəfər yaralanmışdı.
Azər İsrafilov