Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanin sədrliyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi olmuş Çingiz Mehdiyevin məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, ilk olaraq təqsirləndirilən şəxs Mehdiyev ifadə verib: "Mən özümü təqsirli hesab eləmirəm. Zərərçəkmiş şəxs təqdim eləsin görək ona dəymiş zərər nədən ibarət olub. Bir də ekspert zərəri necə hesablayıb? Onun idman oyunları ilə bağlı məlumatı nə qədərdir? Mən hələ ki, susmağa üstünlük verirəm, suallara cavab vermək istəmirəm. Qoy gəlsin zərərçəkən ilk olaraq ifadə versin".
Dövlət ittihamçısı isə bildirib ki, burada zərərçəkmişin özü yox, zərərçəkmişin hüquqi nümayəndəsi iştirak edir: "Mən bilmək istəyirəm ki, Çingiz Mehdiyev zərərçəkmiş qismində həyat yoldaşını nəzərdə tutur, yoxsa MMC-ni? MMC-ni nəzərdə tutursa biz onu dindirə bilmərik. Burada biz əsas sübutlar, şahidlər və sənədlər əsasında məhkəməni aparacağıq. Həmin dövrdə hansı vəzifəni tutmusuz və nəyi həyata keçirmisiz?".
Çingiz Mehdiyev: "Biz yarışı həyata keçirəndə əsas Marşal komandası ilə işləmişik. Ora tibb, yanğınsöndürmə və təhlükəsizlik əməkdaşları daxil olub".
Dövlət ittihamçısı Orxan Səmədov: "Zaur Məlikaslanovun vəzifəsi sizin vəzifənizdən nə ilə fərqlənib?".
Çingiz Mehdiyev: "Mən yarışın təşkilini həyata keçirmişəm, komanda ilə işləmişəm. Zaur isə daxili işləri həyata keçirib, maliyyə məsələlərinə baxıb. Burada olan şirkətin rəhbərliyini anam həyata keçirirdi, o mənə etibarnamə vermişdi. Müqavilə bağlamamışam, sadəcə anamın adından ödəmələr etmişəm".
Dövlət ittihamçısı: "Ananız Leyla xanım yarış üçün hər hansı materialların alınmasında iştirak edib?"
Çingiz Mehdiyev: "Xeyr, o iştirak etməyib. Məndən başqa Azərbaycanda bu materialların alınmasında heç kimin təcrübəsi yox idi. Bu yarışda işləri görmək üçün 1 şirkət lazım idi. Xarici şirkətlər üçün müqaviləyə ehtiyac yoxdur, sadəcə internet vasitəsilə birbaşa alırsan istədiyin məhsulu. Xarici şirkətlər bu işi 2 dəfə baha görürdü. Bizim öhdəliyimiz qoyulan müddətdə həmin məhsulları Azərbaycana vaxtında çatdırmaq idi. Müqavilə bağlamadan şirkət olaraq ilkin avans ödənişi edirdik, çünki bu yarışı həyata keçirmək öhdəliyimiz var idi. "Dayton" şirkəti may ayında formula yarısı başlayana kimi bütün hazırlıq işlərini öz hesabına görürdü. Onlara isə ödəniş yay aylarında formalaşan sonra edilirdi. Mən həmin şirkəti özüm təqdim etmişəm rəhbərliyə, qohumlarımı şirkəti idi, bilirdim yüksək səviyyədə xidmət göstərəcəklər. Mən təklifləri Bakı Səhər Halqası Əməliyyat şirkətinin rəhbəri Arif Rəhimova bildirirdim.
"Dayton" şirkətini də mən təklif etmişəm. Həmin şirkət satınalmalar departamenti ilə işləməyə başladı. Şirkət 2012-ci ildə fəaliyyətə başlayıb. Onlar bütün işləri əvvəldən görürdülər. Ancaq "Dayton"a ödəniş 3-6 ay ərzində edilirdi. "Dayton" əsas risk zonasına daxil məhsulların gətirilməsini təmin edirdi. Bu şirkətə ümumi büdcənin 0,2 faizi, təxminən 900 min manat civarında pul köçürülürdü. Mənə tələb qoyulmuşdu ki, bu yarışı yüksək səviyyədə həyata keçirək. Çünki bu yarışı dünyada 1,5 milyarddan çox insan izləyirdi, bu yarış Cənab Prezidentin birbaşa nəzarətində idi".
Dövlət ittihamçısı: "Siz spesifik malların alınmasında iştirak etmisiz?".
Çingiz Mehdiyev: "Dünyada bu malların alınmasında bazar çox kiçik idi. Çünki tək-tük şirkətlər bu işi görə bilirdi. Mənə 2015-ci ilin mart ayında dedilər ki, Formula-1 yarışı keçiriləcək. 2015-ci ilin dekabr ayında mənə dedilər ki, yarış üçün olan spesifik mallar tapılmalıdır. "Dayton"a spesifik malları 2016-ci ilin yanvar ayında sifariş etmişəm. Mənə bu tapşırığı Arif Rəhimov verib. Azərbaycandan formula üzrə Beynəlxalq yarışlarda yeganə şəxs idim iştirak etmisidm spesifik malların təşkili ilə bağlı. Buna görə mənə lisenziya verilmişdi. Bir müqavilənin təkcə yazışma işləri 2-3 ay cəkirdi. "Dayton" şirkəti Seyşel adalarında yaranıb. Bakı şəhər Halqasi bir müqavilə üçün 36 səhifəlik müqavilə hazırlayırdı. Şirkətə isə əsas ilkin ödəniş lazım idi, müqaviləni sonra da bağlaya bilərdilər spesifik mallar almaq üçün".
Məhkəmə prosesi 10 iyun tarixinə kimi təxirə salınıb.
Qeyd edək ki, Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun icraçı direktoru olduğu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləyib. İttihama görə o, vəzifə saxtakarlığı edərək, 400 min manata yaxın dövlət vəsaitini mənimsəyib. Mehdiyev həbsdə deyil. Onun haqda ibtidai istintaq dövrü müddəti üçün “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Azər İsrafilov