"Unibank" 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ƏƏSMN-nin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzində keçirilən tədbirə dəstək olub.
"Unikal" xəbər verir ki, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi (QUTDİB) tərəfindən keçirilən ikigünlük tədbir çərçivəsində uşaqlar üçün maarifləndirici və əyləndirici proqramlar təşkil edilib.
Tədbir proqramının məqsədi əlilliyi olan uşaqların cəmiyyətdən təcrid edilmədiklərini və hər zaman diqqət mərkəzində olduqlarını hiss etdirmək, onlara sevinc bəxş etmək olub.
Tədbir zamanı uşaqlara nağıllar oxunub, tamaşa nümayiş etdirilib, müxtəlif təlimlər keçirilib. Animatorun iştirakı ilə əyləncəli oyun və fləşmoblar, rəqslər uşaqları çox sevindirib.
Tədbirin sonunda sponsorların hədiyyələri uşaqlara təqdim edilib.