Xəbər verdiyimiz kimi, Azərbaycanda neftin büdcə qiyməti 75 dollara qaldırılır. Belə ki, 2024-cü il üzrə dövlət büdcəsində "Azeri Light" markal neftin 1 barelinin orta ixrac qiymətinin 15 ABŞ dolları artırılması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnozunun baza ssenarisinə dəyişikliklər edilib, neftin bir barelinin orta illik ixrac qiyməti 60 ABŞ dollarından 75 ABŞ dollarına (ilin ötən dövrü üzrə faktiki satış qiymətləri və ilin qalan dövrü üzrə 70 ABŞ dolları fərz edilməklə, öncəki proqnoza nəzərən 15 ABŞ dolları çox) yüksəldilib.
Son günlər isə neftin qiymətində azalma müşahidə olunur. Bəs görəsən bu azalma büdcədə dəyişikliyə təsir edəcək?
İqtisadçı deputat Vüqar Bayramov "Unikal"a açıqlamasında bildirib ki, neftin dünya bazar qiyməti proqnozlaşdırılması çətin olan qiymətdir. Onun sözlərinə görə, dünyanın aparıcı şirkətləri belə neftin dünya bazar qiymətini proqnozlaşdırmaqdan çəkinirlər:
"Bu, yalnız iqtisadi faktorlarla deyil, həm də siyasi səbəblərlə bağlıdır. Bu amillər də neftin qiymətinə təsir göstərir. Hazırda Brent markalı neftin qiyməti 77 dollardır. Doğrudur, son günlər neftin qiymətində azalmalar müşahidə etmişik. Amma ilk 5 ayın yekunlarında neftin qiyməti yüksək olub. Bu da illik olaraq neftin orta qiyməti ilə bağlı müəyyən proqnozları verməyə imkan yaradır. Amma qiymətin real olub-olmaması həm də siyasi səbəblərlə bağlı olduğuna görə qiymət birbaşa növbəti dövrdəki qlobal və regional dəyişikliklərdən asılı olacaq".
Deputat qeyd edib ki, neftin qiymətinin proqnozlaşdırılmasında və eyni zamanda müəyyənləşdirilməsində siyasi faktorlar üstünlük təşkil etdiyi üçün hər zaman risk var: "Bu risk proqnozlaşdırılma zamanı nəzərə alınır. Büdcə dürüstləşdirilməsində neftin qiymətinin artırılması daha çox işğaldan azad olunmuş ərazilərimizin bərpasına, milli təhlükəsizliyimizin daha da gücləndirilməsinə vəsaitləri artırmaqdan ibarətdir. Digər istiqamətlərdə də vəsait artımları var. Amma prioritet iki istiqamətdir. Bu vəsait xüsusən işğaldan azad olunmuş ərazilərimizin bərpasına müsbət təsir göstərəcək. 2024-cü il üçün neftin qiyməti ilə bağlı proqnoz ondan ibarətdir ki, əgər mövcud qlobal və regional status-kvo qorunub saxlanarsa, o zaman neftin qiymətinin 70 -80 dollar intervalında dəyişəcəyi proqnozlaşdırılır. Neftin qiymətinə iqtisadi faktorlarla yanaşı siyasi amillər də təsir göstərdiyinə görə, qlobal siyasətdə ciddi dəyişikliklər baş verərsə, o zaman neft bazarında volatillik arta bilər. Amma mövcud iqtisadi və siyasi şərhləri nəzərə alsaq, bu halda neftin qiymətinin hər barel üçün 70-80 dollar intervalında dəyişməsi daha inandırıcı görsənir".
Anar Kəlbiyev