"Faldarlı kəndində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir".

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən "Unikal"a bildirilib ki, Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində qarayara diaqnozu ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar:

"Xəstələrdən biri Canqa Xalis oğlu Süleymanovda qarayara diaqnozu laborator təsdiq edilib, digər iki xəstədən laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Hazırda, Zaqatala rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd İnzibati ərazi üzrə nümayəndəliyi, Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir".
 

***

14:17

Zaqatalada bir nəfərdə qarayara xəstəliyi aşkarlanıb,daha iki nəfər isə şübhəlidir.

"Unikal" xəbər verir ki, rayonun Faldar kənd sakini 1972-ci il təvəllüdlü Canqa Xalis oğlu Süleymanovda qarayara xəstəliyi aşkarlanıb və o, Bakıdakı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bundan əlavə həmin kənd sakinləri olan daha iki nəfər 1983-cü il təvəllüdlü Aliyə Ələsgər qızı Cəfərova və 1995-ci il təvəllüdlü Nail Nurməmməd oğlu Məmmədovda da qarayara xəstəliyinin ilkin əlamətləri aşkar olunub. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirlib. Onlardan nümunələr götürülüb və yoxlanılması üçün laboratoriyaya göndərilib.

Hazırda xüsusi həkim briqadası və Zaqatala Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları kəndə ezam edilib.

Seymur Əli