Kanadanın Hamilton şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət bayrağının qaldırılması mərasimi keçirilib. 

"Unikal" xəbər verir ki, Hamilton Azərbaycan icmasının təşkilatçılığı ilə şəhərin “Siti Hol” mərkəzində baş tutan mərasimdə üçrəngli bayrağımız Azərbaycanın Dövlət Himninin sədaları altında səmaya ucaldılıb. 
Soydaşlarımız Dövlət bayrağımızın fonunda xatirə şəkli çəkdiriblər.  Daha sonra Hamilton şəhərində ilk dəfə olaraq Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib.  

Tədbir Azərbaycan və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.  

“Hamilton Azərbaycan İcması”nın rəhbəri Cəmilə Rüstəmova Şephard çıxışında 28 May – Müstəqillik Gününün tarixi önəmini qeyd edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından danışıb və Komitənin həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. O, yeni yaradılan “Hamilton Azərbaycan İcması” təşkilatına gələcək fəaliyyətində uğurlar arzu edib. 

Kanada Azərbaycan Evinin icraçı direktoru, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova öz çıxışında Azərbaycan Evində “Şəhər Günləri” layihəsinin üzərində iş getdiyini bildirib. Layihə baş tutduğu zaman Hamiltonda yaşayan Azərbaycan icmasını da “Hamilton Günü”ndə görməkdən məmnunluq duyacağını diqqətə çatdırıb. 

Daha sonra Hamilton şəhərində əsası qoyulmuş “Azərbaycan dili” məktəbinin yaradıcısı Validə Quliyeva və məktəbin müəllimi Elmira Doquşeva, Hamilton icmasının üzvü Şəbnəm Sevinc çıxış edib, fəaliyyətləri haqqında məlumat verib, müxtəlif fikir və təkliflər səsləndiriblər. 

Tədbir çərçivəsində məktəbin şagirdləri Səməd Vurğunun “Azərbaycan” şeirini söyləyiblər. 2024-cü ildə Hamilton Musiqi Festivalının qalibi Kayra Sevinc skripkada ona qələbə gətirən musiqini (“The Farmer’s Market”-“Fermerin bazarı”) ifa edib.

Tədbir “Yallı” rəqsinin ifası ilə başa çatıb.