Məhkəmədə hakimlə mübahisə edən 5 ildir vəkillik fəaliyyəti ilə məşğul olan  vəkillin fəaliyyəti müvəqqəti dayandırılıb.

"Unikal"ın məlumatına görə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti belə qərar qəbul edib.

Məlum olub ki, 12 saylı vəkil bürosunun vəkili Əhməd Məhərrəmli Lənkəran Ağır Cinayətlər Məhkəməsində müdafiəçi qismində iştirak etdiyi işdə hakimlə mübahisə edib. Hakim isə vəkilin hərəkətləri ilə bağlı Vəkillər Kollegiyasına şikayət edib. 

Kollegiyanın qərarı ilə Əhməd Məhərrəmlinin fəaliyyəti 1 aylıq dayandırılıb. 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan işlərdən biri həmin səbəbdən təxirə salınıb. Hakim Əli Məmmədov deyib ki, tərəflərdən birinin vəkili Əhməd Məhərrəmlinin vəkillik fəaliyyəti dayandırıldığına görə məhkəmədə iştirak edə bilmir. Həmin səbəbdən proses təxirə salınıb. Vəkil icraatında olan digər işlərdə də iştirak edə bilməyəcək.

***

Vəkillər Kollegiyasından bildirilib ki, Əhməd Məhərrəmli ilə bağlı vətəndaşın şikayəti daxil olub, intizam icraatı başlanılıb, araşdırma aparılıb və pozuntu müəyyən olunub. Pozuntuya əsasən Vəkillər Kollegiyası Rəyasət Heyətinin 17.05.2024-cü il tarixli iclasında vəkil Əhməd Məhərrəmlinin vəkillik fəaliyyəti dayandırılmaqla Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət olunması qərara alınıb.

Azər İsrafilov