İyun ayının 10-da Nərimanov rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

"Unikal" xəbər verir ki, konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Nərimanov  Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif  Hümbətov, Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, ağsaqqallar, ziyalılar, gənclər, şəhid ailələrinin üzvləri, qazilər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Nərimanov Rayon İcra Hakimiyyətinin inzibati binasındakı büstü önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Konfransda Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovu və digər tədbir iştirakçılarını salamlayaraq, Ümummilli Lider Heydər Əliyev tərəfindən ağsaqqallara, ziyalılara verilən yüksək dəyərdən bəhs edib. Vurğulayıb ki, Ulu Öndərimiz tərəfindən əsası qoyulmuş ağsaqqallara dövlətin diqqət və qayğı siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənc nəslin maarifləndirilməsində, onların milli-mənəvi dəyərlərimizə hörmət, dövlətə, xalqa sədaqət ruhunda yetişdirilməsində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu bildirən natiq qeyd edib ki, Nərimanov rayon ağsaqqallarının ictimai-siyasi fəallığının təmin edilməsi üçün hər cür şərait yaradılıbdır. Elgin Həbibullayev rayon ağsaqqallarının fəaliyyətini yüksək qiymətləndirərək, onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonra Nərimanov rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Arif  Hümbətovun yerli təşkilatın hesabat dövrü ərzindəki fəaliyyəti barədə məruzəsi dinlənilib. Məruzədə vurğulanıb ki, təşkilatın üzvləri rayonun ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək sakinlər arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin təbliğ edilməsində, gənclərimizin vətənpərvərlik ruhunda maarifləndirilməsində, həmçinin şəhid ailələri və qazilərlə görüşlərin keçirilməsində, onlara maddi və mənəvi dəstəyin göstərilməsində əllərindən gələni əsirgəmirlər. Arif Hümbətov, həmçinin, bildirib ki, bu ilin 7 fevral tarixində keçirilən prezident seçkilərinin təbliğat-təşviqat mərhələsində Azərbaycan Ağsaqqallar Şurasının Nərimanov rayon təşkilatının üzvləri fəal iştirak ediblər. Seçkilərdə yüksək əzmkarlıq nümayiş etdirən müdrik ağsaqqallarımız yekdilliklə Azərbaycanın güclü və alternativsiz Lideri cənab İlham Əliyevə səs veriblər. Sonra natiq Nərimanov rayon Ağsaqqallar Şurasının  inzibati binasında gənclərin iştirakı ilə mütəmadi olaraq keçirilən  tədbirlərdən, orta və ali məktəblərdə şagird və tələbələrlə, səhiyyə müəssisələrində tibb işçiləri ilə keçirlən səmərəli görüşlərdən söz açıb.  Arif Hümbətov şəxsi təşəbbüsü ilə nəşr olunan “Zaman XXI” jurnalının “Zəfər Günü”nə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ad gününə, “Gənclər günü”nə həsr edilmiş xüsusi buraxılışlarını tədbir iştirakçılarına təqdim  edib. Vurğulayıb ki, Nərimanov Rayon Ağsaqqallar Şurasının üzvləri bundan sonra öz səmərəli fəaliyyətlərini uğurla davam etdirəcəklər.

Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə   komitəsinin sədri, akademik Əhliman Əmiraslanov öz çıxışında Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdırıb. Onları qarşıdan gələn Qurban bayramı və Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Azərbaycan xalqının Ümummilli Lideri, müasir tariximizin qurucusu  Heydər Əliyevin Vətənimiz qarşısında böyük xidmətlərindən ətraflı bəhs edən natiq Ulu Öndərin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin  uğurlu prezidentlik fəaliyyətindən, onun rəhbərliyi ilə ölkəmizin qazandığı misilsiz nailiyyətlərdən  söz açıb. Vurğulayıb ki, Ata vəsiyyətini yerinə yetirərək işğal altındakı torpaqlarımızı işğaldan azad edən, xalqımıza böyük Qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandanımız üçrəngli bayrağımızı Qarabağda və işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalandırıb. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda böyük bərpa-quruculuq işləri həyata keçirilir və artıq “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərimiz öz ata-baba yurdlarına qayıdırlar. Artıq dövlət mütəqilliyimiziin qurtuluşundan başlanan yol işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdışla nəticələnir. Həmçinin dövlət başçısı cənab İlham Əliyevin qətiyyətli siyasəti və diplomatik istedadı  nəticəsində Qazaxın 4 kəndinin qaytarılmasından və digər uğurlarımızdan bəhs edən akademik Əhliman Əmiraslanov bildirib ki, ən mötəbər beynəlxalq tədbirlərdən biri olan COP29-un bir neçə ay sonra Bakıda keçirilməsi Azərbaycanın və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dünya ölkələri arasında böyük nüfuza sahib olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallara göstərdiyi böyük diqqət və qayğıdan da danışan natiq qeyd edib ki, hazırda  35 mindən çox üzvü olan Azərbaycan Ağsaqqallar Şurası qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələrək fəaliyyətini daha geniş və effektiv şəkildə davam etdirir. Ağsaqqalların hər zaman ölkəmizin ictimai-siyasi və mədəni həyatında aktiv fəaliyyət göstərdiklərini vurğulayan akademik Əhliman Əmiraslanov cəmiyyətimizdəki problemlərə də toxunaraq, boşanmların sayının gündən-günə artmasından, bəzi bölgələrdə hələ də erkən nikahlar bağlanmasından, gənclərimizdə zərərli vərdişlərə, narkomaniyaya, siqaretə aludəçilik problemləri artmasından təəssüf hissi ilə söz açıb. Ağsaqqallarımızın bütün bu mənfi hallara qarşı cəmiyyətimizlə birlikdə daha təsirli mübarizə aparmalı olduqlarını vurğulayıb. Əsasən təhsil müəssisələrində tədbirlərin sayının və effektinin yüksəldilməsini zəruri hesab edərək bildirib ki, ağsaqqallarımız gənclərimzdən öz öyüd və nəsihətlərini, məsləhətlərini heç zaman əsirgəməməli, maarifləndirici işlərini davamlı surətdə həyata keçirməlidirlər. Sonda skademik Əhliman Əmiraslanov Nərimanov rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək dəyərləndirərək, təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konfransda çıxış edən digər natiqlər də Nərimanov Rayon Ağsaqqallar Şurası tərəfindən görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açıblar. Qeyd ediblər ki, cəmiyyətimizdə yüksək nüfuza malik olan ağsaqqallarımızın bilik və təcrübəsindən hərtərəfli və səmərəli şəkildə istifadə olunmalıdır. Əmin olduqlarını bildiriblər ki, yerli təşkilatlar gələcəkdə öz fəaliyyətlərini daha geniş və effektiv şəkildə həyata keçirəcəklər.