İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.

Bu barədə "Unikal"a Müdafiə Nazirliyindən bildirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Hərbi Prokurorluqdan isə bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsin hərbi qulluqçusu, əsgər Hüseynov Ceyhun Tofiq oğlunun ölüm faktı əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin  əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilib.

Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.