İrəvanın Baqramyan prospektində baş verən qarşıdurmalarda yaralanan vətəndaşların və polis əməkdaşlarının sayı 98-ə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

"66 nəfərə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 32 xəstənin müalicəsi davam edir. Onlar yüngül və orta dərəcəli xəsarətlər alıblar.", - məlumatda deyilir.

Bundan əvvəl ErmənistanDaxili İşlər Nazirliyi xəsarət alan polis əməkdaşlarının sayının 17 nəfər olduğunu bildirmişdi.

*** 21:39

İrəvanın Baqramyan prospektində etiraz aksiyası dağıdılandan sonra 55 nəfər həkimə müraciət edib.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti yayıb.

"Xəsarətlər əsasən yüngül və orta ağırdır", - deyə qeyd edilib. 

Əlindən xəsarət alan şəxsin vəziyyətini şərh edən nazirlik rəsmisi onun əməliyyat olunduğunu deyib.

***21:08

Ermənistan parlamentinin binası qarşısında polislə etirazçılar arasında qarşıdurma nəticəsində 7 nəfər xəsarət alıb.

"Unikal" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qurumun bildirdiyinə görə, bu, ilkin məlumatdır və say arta bilər.

Qeyd edək ki, Ermənistan polisi İrəvandakı parlament binası yaxınlığında etirazçılara qarşı səs bombalarından istifadə etməyə başlayıb.