"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxsa, Vaşinqton Şərqlə Qərb arasında qlobal münaqişə yaratmaq üçün yeni platforma əldə edəcək".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri erməni politoloq Arman Abovyan səsləndirib.
"Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktor müavini David Cohenin bu yaxınlarda Ermənistana səfər etdiyini xatırlamaq kifayətdir, demək olar ki, hər həftə Avropadan müxtəlif funksionerlər Ermənistana gəlirlər", - ekspert bildirib.
Onun sözlərinə görə, ABŞ respublikada siyasi proseslərə təsir edir, Avrasiya vektorunu zəiflətməyə, Rusiya və İranı geosiyasi mənzərədən sıxışdırıb çıxarmağa çalışır.
Eyni zamanda, amerikalılar KTMT-yə alternativ kimi Ermənistanla “strateji tərəfdaşlıq” təqdim edirlər və Ermənistan hakimiyyəti konsepsiyaların bu cür dəyişdirilməsi ilə razılaşır və təşkilatda iştirakını tədricən azaldır. Abovyanın fikrincə, Qərbin respublikaya təsiri o qədər göz qabağındadır ki, rəsmi İrəvan bunun əksini sübut etməyə belə risk etmir.
"Ermənistan hakimiyyəti Qərblə Şərq arasındakı münaqişəni öz evinə gətirdi, bundan kimə sərfəli olacağını deyə bilmərəm, amma təbii ki, Ermənistan Respublikası bundan uduzacaq" - deyə o, əlavə etib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 12-də parlamentdə çıxışı zamanı ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağını bildirib, lakin dəqiq tarixi açıqlamayıb.
Gülayə Mecid