"İşimiz barədə danışmağa kifayət qədər vaxtımız olacaq".
"Unikal" xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş təqdimat mərasimində deyib.
Portuqaliyalı mütəxəssis ona göstərdiyi etimada görə AFFA rəhbərliyinə təşəkkür edib: "Danışıqlar müddətində layihələr mənə maraqlı gəldi. Bu anlaşma gələcək planları bir yerdə həyata keçirmək baxımından çox önəmlidir. Buraya gəlmişəmsə, deməli, AFFA rəhbərliyi mənə inanır".
Onun sözlərinə görə, uzunmüddətli layihə həyata keçiriləcək: "İnanıram ki, tarixi nəticələrə imza atacağıq. Böyük turnirlərdə olmaq istəyirik. Başqa təkliflər də var idi, lakin bu layihəyə inandığım üçün Azərbaycan millisini seçdim”.
Qeyd edək ki, Fernandu Santuş 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionluğunu qazanıb. Onun son iş yeri Türkiyənin "Beşiktaş" komandası olub.