İyunun 13-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Rvo kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.

"Unikal" xəbər verir ki, səyyar qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.

İcra başçısı ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinlərə məlumat verib, daha sonra onların istək və qayğılarını dinləyib, qaldırılan məsələlərin yerində həllindən ötrü göstəriş və tövsiyələrini verib. Taleh Qaraşov bildirib ki, heç bir müraciət diqqətdən kənar qalmır və qaldırılan bütün məsələlər şəxsi nəzarətindədir.

Səyyar görüş-qəbulda vətəndaşların maneəsiz, könüllü şəkildə fikir və istəklərinin rayon rəhbərliyinə çatdırılmasına tam şərait yaradılıb. Yerli icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan və ədalətlə qaldırılan bütün məsələlər həllini tapıb, digər məsələlər üzrə aidiyyəti yuxarı qurumlara müraciət olunmaq və nəticəsi barədə vətəndaşlara qanunamüvafiq müddətdə cavab verilməsi üçün səlahiyyətli şəxslərə tapşırıqlar verilib. 
Səyyar görüşdə Rvo, Mollakənd və Əşlə  kəndlərinin sakinləri onları narahat edən ümumi və şəxsi problemlərini birbaşa icra başçısına söyləyiblər. Yerli insanlar qaldırdıqları məsələlərin həllindən ötrü səmimi yanaşma gördüklərinə görə rayon rəhbərinə təşəkkür ediblər.

Rvo kənd inzibati ərazi dairəsinin sakinləri sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşmasına, qaldırdıqları məsələlərə həssas yanaşılmasına, məmur-vətəndaş arasındakı münasibətlərin daha inkişaf etməsinə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər.