Müğənni Elçin Zəkaya qarşı quldurluq etməkdə təqsirləndirilən Hökumə Əşrəfzadə, onun bacısı Rəhimə Əşrəfzadə, Heydər Əkbərov və Zeynal Yusifova hökm oxunub.
"Unikal"ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən təqsirləndirilən şəxslər Hökumə Əşrəfzadə, onun bacısı Rəhimə Əşrəfzadə hər biri 8 il 3 ay, Heydər Əkbərova 10 il və Zeynal Yusifova 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, təqsirləndirilən şəxslər qisas məqsədilə Elçin Zəka ləqəbli toy müğənnisinin evinə basqın ediblər. Zərərçəkmiş şəxsə qarşı quldurluq edilib və daha sonra döyülüb. Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Əkbərov, Z.Yusifov, R.Əşrəfzadə və bacısı H.Əşrəfzadə saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.3-cü (Quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) və 326.2-ci (vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələri ilə ittiham irəli sürülüb.
Seymur Əli