Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Müasir və müstəqil Azərbaycan  Onun adı ilə bağlıdır” adlı keçirilən tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, millət vəkilləri- Məlahət İbrahimqızı, Asim Mollazadə, Hikmət Babaoğlu, Azərbaycan Pedaqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, əməkdar elm xadimi, professor Vaqif Şadlinski, rayonun inzibati orqanlarının, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələri , rayon gəncləri iştirak ediblər.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə RİH-nin binasında Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, dərin hörmət və ehtiramlarını bildirdilər.
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan Dövlətinin qurucusu Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət himni səsləndirildi.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarxın nümayişindən sonra tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  bildirdi ki, çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin ən taleyüklü məqamları Heydər Əliyevin adı ilə bağlıdır. Xalqların və ölkələrin tərəqqisinin əsasında şəxsiyyətlərin və onların ideyalarının dayanması hamılıqla qəbul olunan həqiqətlərdən sayılır. Heydər Əliyevin missiyası yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin inkişafı və dövlətçilik tariximizin müasir mərhələsinin sürəkliliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmadı. O, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram uğrunda  səfərbər edən milli təlim –“azərbaycançılıq” ideologiyasını da yaratdı. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir.

Sonra tədbirdə çıxış edənlər- millət vəkili ,siyasi elmlər doktoru, professor, Hikmət Babaoğlu, Azərbaycan  Pedaqoji Universitetin prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı və Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, əməkdar elm xadimi, professor Vaqif Şadlinski Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsindən danışaraq müdrik rəhbərin təhsil, səhiyyə və mədəniyyət sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirdilər. Natiqlər Azərbaycanın müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan danışaraq vurğuladılar ki, belə bir böhranlı və ağır şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların qarşısını almağa qadir yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi Ulu Öndər Heydər Əliyev idi. Bu gün hər bir azərbaycanlı Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə Ulu Öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Ümummilli Liderin qurmaq, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıdır.

Tədbir  istedadlı müğənnilərin və Uşaq İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupunun çıxışları ilə başa çatmışdır.