Son günlərdə Fransanın Ermənistanı silahlandırması barədə məsələlər yenidən gündəmə gəlib. Belə ki, Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə müqavilə imzalanıb.
İyunun 18-də bu məsələyə Azəraycan Müdafiə Nazirliyi sərt reaksiya verib. Nazirliyin açıqlamasında bildirilib ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq.
Həmçinin, ötən gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Fransanın Cənubi Qafqazla bağlı siyasəti zərərlidir:
“Fransanın Ermənistanı silahlandırması indiyə qədər əldə olunmuş nəticələrə, Qafqazda sülhə təhdiddir. Bu, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə zərbədir. Fransanın militarizasiya siyasəti Ermənistanda revanşist qüvvələri həvəsləndirəcək addımdır. Ermənistana öldürücü silahların verilməsi ciddi narahatlıq doğuran haldır. BMT TŞ-nin üzvü olaraq Fransa məsuliyyətli siyasət həyata keçirməlidir. Ermənistan Cənubi Qafqazda işğal və təcavüz törədən ölkədir. Belə ölkənin silahlandırılması məqbul hesab olunmur”.
Mövzu ilə bağlı “Unikal”a açıqlama verən politoloq Qabil Hüseynli qeyd edib ki, Ermənistan sülhdən danışa-danışa revanşizm siyasətinə qulluq edir:
“Fransa da ermənilərə dəstək olur. Belə ki, onlara bəzi silahları pulsuz, bəzilərini isə çox aşağı endirimlə, yəni, öz ölkəsində olduğu qiymətə satır. İlk dəfə ermənilərə 35-40 ədəd piyadaların döyüş maşınını verdi. Bundan başqa, Fransanın digər silahları da Ermənistana göndərdiyi hər kəsə məlumdur.
İndi isə Ermənistanın müdafiə naziri Suren Papikyan Fransadadır. Fransanın ən modern silahlarından olan “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı ilə məşğuldur.
Ümumilikdə, biz görürük ki, Ermənistan müharibədən sonra əməlli-başlı silahlanıb. Özü də bunlar müdafiə xarakterli silahlar deyil, hücum silahlarıdır. Bu nöqteyi-nəzərdən sülh müqaviləsinin imzalanması da ləngiyir.
Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl demişdi ki, 1 ay ərzində sülh sazişini imzalamağa hazırdırlar. İndi isə silahlanmaqla məşğuldurlar. Azərbaycan tərəfi araşdırmalıdır ki, bunlar bizimlə oyun oyanır, yoxsa başqa məqsədləri var?
Onu da vurğulayaq ki, Rusiya da sülh müqaviləsinə mane olur. Azərbaycan Rusiyaya və Fransaya əhəmiyyət vermədən ermənilərlə tam hazır olan sülh müqaviləsinin imzalanması prosesini sürətləndirməlidir”, - deyə o bildirib.
Murad İbrahimli