“Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən yayımlanan reportajda Prezident İlham Əliyevin müsahibəsi dövlətimizin ənənəvi və bərpaolunan enerji sahələrində siyasətinin mahiyyətini açır, müvafiq sahədə əməkdaşlıq əlaqələrini göstərir. Ancaq eyni zamanda cənab Prezident müsahibəsində münaqişələrin, müharibələrin və qarşıdurmaların artdığı dünyanın gələcəyinə işıq tutan çox vacib bir məsələni də söylədi.

Azərbaycan özünün inkişaf strategiyasında hələ çox-çox əvvəldən, 2004-cü ildən etibarən qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqinə əhəmiyyətli yer verməkdədir. Prezidentinin Sərəncamı ilə 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə qətiyyətinin göstəricisidir. Azərbaycanın bərpaolunan enerji mənbələri sayılan əlverişli iqlim resursları qədər cəlbedicidir. “Masdar”, “ACWA Power” və “BP” kimi sərmayədarların mövcudluğu və maraq göstərən subyektlərin dairəsinin genişlənmə tendensiyası bu reallığı bir daha sübut edir.

Nəticə etibarilə ötən ilin oktyabrında 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı, Bakı enerji həftəsi çərçivəsində 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlinin qoyulması da məhz bu prosesin bəhrəsidir. Üstəlik Azərbaycan Prezidentinin cari müsahibəsində də ifadə etdiyi kimi, “Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq”. Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Bu baxımdan, Prezident İlham Əliyevin də dediyi kimi, biz, ilk növbədə, milli enerji şəbəkəmizi gücləndirməli, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalı, ötürülmə xətləri ilə bağlı qonşularla fəal çalışmalıyıq. Xüsusilə qeyd etmək istərdim ki, ölkəmizdə yaşıl enerji siyasəti həmdə əhalinin sağlamlığının qorunmasına yönəlib.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, 
akademik Əhliman Əmiraslanov