"Düşünmürəm ki, yanacağın qiyməti avtmobil bazarına əhəmiyyətli təsir göstərsin.  Bazara əhəmiyyətli təsir göstərən məsələ taksi ilə bağlı qəbul olunan qərar idi. Qısa müddətdə taksidə fəaliyyət göstərən ili köhnə olan nəqliyyat vasitələri bazarda satışa çıxarıldı və bu qiymətlərə az da olsa, təsir göstərdi".

Bunu "Unikal"a açıqlamasında ekspert Ramil Osmanlı deyib. O, yanacaq qiymətlərinin avtomobil bazarında nəyisə dəyişəcəyini düşünmür: 

"Dizel yanacağının qiyməti Aİ-92 benzininin qiymətinə yaxınlaşdı. Bu benzinlə çalışan avtomobillər daha çox Avro-4 və Avro-5 standartlarına cavab verməyən nəqliyyat vasitələri idi. Azərbaycanda köhnə avtomobil parkının yenilənməsi tendensiyası müşahidə olunmaqdadır. Təbii ki, burada hibrid, elektomobillərin rolu da böyükdür. İnsanların maddi imkanları dəyişdikcə, köhnə nqəqliyyat vasitəsindən yenisinə inteqrasiya haqqında düşünürlər. Neçə illərdir ki, Azərbaycanda ekoloji standartların tətbiqi müşahidə olunur. Bunun nəticəsində ölkəyə idxalda müəyyən məhdudiyyətlər qoyulur. Sadaladığım məsələlər ilin köhnə olan nəqliyyat vasitələrinin dəyərinə müəyyən qədər təsir göstərir. Belə ki, bəzi hallarda idxal məhdudlaşır onların dəyəri artır, bəzən isə ekoloji standartlar qəbul olunur onların qiyməti azalır. Bu tendensiya belə davam edir. Müşahidələr göstərir ki, yanacağın qiyməti bu prosesdə əhəmiyyətli təsirə malik deyil".

Anar Kəlbiyev