Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) tələbə və müəlimlərindən ibarət nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bədii-tədris təcrübəsi keçirlər. 

"Unikal" xəbər verir ki, UDNTU-nun Memarlıq kafedrasının 2 müəllim və 20 tələbəsindən ibarət heyət 1-7 iyul tarixlərində AzMİU-nun Memarlıq fakültəsinin qonağı olacaq, tədris təcrübəsi ərzində universitetimizin akademik heyətinin təcrübələrindən faydalanaraq, şəbəkələrini genişləndirmək və fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər. Eyni zamanda bu müddətdə onlar UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada yerləşən dünya əhəmiyyətli memarlıq abidələrini araşdıracaqlar.

Bədii-tədris təcrübəsinin ilk günü qonaqlar Memarlıq fakültəsi ilə tanış olublar.  Qonaqları salamlayan Beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayeva rusiyalı tələbələrə AzMİU-nun tarixi, keçdiyi inkişaf mərhələsi, tələbə şəhərciyi, fakültə və ixtisasları, müəllim-professor heyəti, əcnəbi tələbə kontingenti, laboratoriyaları, bakalavriatura və magistratura səviyyələrində dünyanın ən qabaqcıl universitetləri ilə ikili diplom layihələri ətrafında məlumatlandırıb. Zəngin tarixə malik olan Memarlıq fakültəsindən də danışıb. Yaxın günlərdə fakültənin Avropada böyük nüfuza malik RİBA kimi beynəlxalq təşkilatın akkreditasiyasından keçdiyini bildirib. 

Nərgiz Abdullayeva çıxışının yekununda qonaqların Azərbaycanda olduqları müddətdə ölkəmiz və universitet barədə yetərli informasiya əldə edəcəklərini, öz ölkələrinə müsbət təəssüratlar, xoş xatirələrlə qayıdacaqlarına ümidvar olduğunu bildirib. 

Sonra Memarlığın əsasları kafedrasının dosenti Fidan Mustafayeva qonaqları fakültə ilə yaxından tanış edib. Qonaqlar Fidan Mustafayeva ilə birgə fakültənin mərtəbələrində sərgilənən beynəlxalq və yerli müsabiqələrdə qalib gəlmiş tələbələrin layihə işlərinə baxış keçirib, auditoriya və studiyaları gəziblər.