Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) "Məzun 2024" adlı tədbir olub.

"Unikal" xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) keçirilən tədbirdə ATMU-nun rektoru İlham Mədətov əlamətdar gün münasibətilə məzunları təbrik edib, onlara ixtisaslı kadr fəaliyyətlərində uğurlar arzulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbədə xalqımızın həmrəyliyi və inamından, Rəşadətli  Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyətli döyüş əzmindən ürəkdolusu danışıb. 

Müxtəlif ixtisaslar üzrə bakalavr, magistr, doktorantura və əlavə təhsil pilləsində kadr hazırlığını həyata keçirən ATMU-dan bu il bakalavr pilləsində 12 ixtisas  üzrə 396 nəfər, magistr pilləsi üzrə 126 nəfər məzun olub.

Avstriya-Azərbaycan Turizm Proqramı çərçivəsində Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomuna sahibləndiklərini qeyd edən rektor, ATMU-nun bu ilki “İkili Diplom Proqramı” məzunları ilə birgə ümumilikdə 286 nəfərin iki diploma malik olduqlarını bildirib. İlham Mədətov məlumat verib ki, ölkəmizdə ilk dəfə ATMU-da gerçəkləşən istehsalat təcrübəsi semestrinin tətbiqi sayəsində tələbələr Azərbaycanda, eləcə də Türkiyənin  nüfuzlu turizm müəssisələrində  peşəkar vərdişlərə yiyələniblər.Universitet indiyədək 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqə qurub. Nüfuzlu “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyi tərəfindən “THE Impact 2024” üzrə nəticələrin sıralamasında  Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) iki istiqamət üzrə dünyanın ən reytinqli universitetləri arasında 801+ qrupda qərarlaşıb.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qiymətləndirilən dünyanın reytinqli universitetləri arasında ilk dəfə “THE Impact 2024” reytinqinin nəticələri üzrə Azərbaycan Turizm və Menecment Universitetinin də varlığından məmnunluğunu bildirən rektor ali təhsil müəssisəsinin Dayanıqlı İnkişaf Məqsədlərindən “Layiqli əmək və iqtisadi artım” üzrə davamlı, əhatəli iqtisadi artım, tam və məhsuldar məşğulluq və layiqli iş mühitinin təşviqi istiqamətində 801-1000 qrupunda, həmçinin “Davamlı şəhərlər və icmalar” üzrə şəhərlər və yaşayış məntəqələrini əhatə edən təhlükəsiz, davamlı əlaqələrin inteqrasiyasının təşkili istiqaməti üzrə də eyni uğurlu nəticəni qazanmaqla 801-1000 qrupunda yer tutduğunu deyib. ATMU-nun “Keyfiyyətli təhsil” üzrə dünyanın ən reytinqli universitetləri arasında 1001-1500 qrupunda yer aldığını deyən İ.Mədətov universitetin fəaliyyət sferasında inklüziv və bərabər keyfiyyətli təhsilin təşkili ilə yanaşı, ömür boyu təhsil (lifelong learning) imkanlarını şərtləndirən göstəricilərin diqqətdə saxlanılması tələblərinin nəzərə alındığını bildirib. Dünyanın ən reytinqli universitetlərinin ümumilikdə dəyərləndirildiyi 17 Dayanıqlı İnkişaf Məqsədi üzrə Azərbaycanın 17 ali təhsil müəssisəsi arasında yer alması faktını ATMU-nun vitrin göstəricilərinin aynası olduğunu deyib.

Qazanılan nailiyyətlərin ölkə rəhbərinin diqqət və qayğısı, digər dövlət və özəl strukturların səmimi münasibəti nəticəsində mümkün olduğunu xüsusi vurğulayan rektor İlham Mədətov ATMU-nu dəstəkləyən bütün dostlara təşəkkür edib. 

Tələbələrin məzun törənində iştirakdan məmnunluğunu bildirən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə “ali məktəbdən məzun kimi ayrılmaq hər bir gəncin həyatında  önəmli, unudulmayan hadisələrdən biridir” dedi. Əmək bazarında peşəkar kadrlara hər zaman böyük ehtiyacın olduğunu deyən K.Quluzadə ATMU məzunlarına layiqli turizm mütəxəssisi imicinə sahiblənməyi arzuladı. 

"Məzun-2024" tədbirində Bakı Turizm Peşə məktəbinin direktoru Neylufər Kərimova,  Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin AATP üzrə koordinatoru cənab Jens Peter məzunları təbrik edib, onların ölkəmizdə turizm sahəsinin sürətli inkişafına töhfə verəcəklərinə, Azərbaycana sədaqətlə xidmət göstərəcəklərinə əminliklərini bildiriblər.

Məzun törənində 2023/2024-cü tədris ili məzunlarından ixtisas, fakültə və universitet birincilərinə plaketlər, ATMU və Avstriyanın IMC Krems Tətbiqi Elmlər  Universitetinin məzunlarına isə diplomlar təqdim olunub. 

Tədbir şən mahnı və oynaq rəqslərlə başa çatıb.