"Bu yaz yağmurlu oldu və müəyyən meyvələrin mayalanmasında problemlər yaratdı. Bu baxımdan ərik, gilas çox zəif oldu. Təbii şərait əlverişsiz olanda, kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurur".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev mövsümi meyvələrin baha olmasından danışarkən deyib. Deputat bildirib ki, ötən il alça çox olub:

"Rayona gedəndə təsərrüfatlara baş çəkirəm. Amma bu il alça az oldu. Havanın əlverişsiz keçməsi buna təsir etdi. Amma ötən il alça, gilas və digər kənd təsərrüfatı məhsulları çox idi.  Bu bu sahədə müəyyən işbazların fəaliyyəti də var. Bazara çıxış o qədər sərbəst deyil. Müəyyən bazarlarda sahibkarın ora daxil olmasında, istər heyvandarlıq, istərsə də kənd təsərrüfatı məhsullarının ucuz qiymətə satmasında müəyyən problemlər var. Bu da qiymətlərin artmasına təsir göstərir. Müəyyən adamlar rayondan əti və digər kənd təsərrüfatı məhsullarını alıb şəhərdə baha qiymətə satırlar. Bələdiyyələr və icra strukturları bu barədə ciddi fikirləşməlidirlər. 

Onlar şəhərdə özlərinin ticarət obyektlərini yaratmalıdırlar. Bələdiyyələr yay aylarında mövsümi kənd təsərrüfatı məhsullarının satışı üçün kiçik köşklər təşkil edə bilərlər. Həmçinin, fermerlərlə müqavilə bağlayıb kənd təsərrüfatı məhsullarını gətirib şəhərdə ucuz qiymətə satarlar. Bu həm onların özlərinin büdcəsi üçün əlverişli olar, həm də adamların rahatlığı üçün vacibdir".

Anar Kəlbiyev