Azərbaycan mədəniyyətini xaricdə təbliğ edən bəstəkar Xədicə Zeynalovanın Almaniya və ABŞ-də “Ave Maria” adlı konserti keçirilib və musiqi albomu işıq üzü görüb.

"Unikal" xəbər verir ki, sənətçi açıqlamasında öz ölkəsini beynəlxalq səviyyədə təmsil etməyin onun üçün böyük şərəf olduğunu bildirib: “Bu əsərin özəlliyi ondan ibarətdir ki, mən Şərqlə Qərb arasında əlaqə yaratmağa çalışmışam. Azərbaycan xalq musiqisinin ritmlərindən, muğam elementlərindən də istifadə etmişəm”.

Qeyd edək ki, layihə xalqlar və dövlətlər arasında sülhə həsr olunub və Almaniyanın Mədəniyyət Fondu, “Lippe” Regional Assosiasiyası və “Bridge of Sound” kamera ansamblının maliyyə dəstəyi ilə həyata keçirilib. Səsyazma 2023-cü ilin avqustunda Almaniyanın tarixi Marienmünster şəhərində aparılıb.

Xədicə Zeynalova “Bridge of Sound” ansamblının bədii rəhbəri, “Harmony of Sound” beynəlxalq musiqi festivalının təsisçisi və bədii rəhbəridir. O, hazırda Almaniyada yaşayır və Azərbaycan musiqisinin təbliği istiqamətində konsertlərin təşkili ilə məşğul olur.

Bəstəkarın əsərləri indiyədək Azərbaycan, Almaniya, ABŞ, Kanada, İsveçrə, Avstriya, Böyük Britaniya, İtaliya, Türkiyə, Oman, Ukrayna, Fransa, Macarıstan, Gürcüstan, Kipr, Yunanıstan və digər ölkələrdə keçirilən müasir musiqi festival və konsertlərində səsləndirilib. Xədicə Zeynalova Almaniyada nüfuzlu təqaüd və mükafatlara, eləcə də, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təltiflərinə layiq görülüb.