Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının yaradılmasının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsi ehtiramla yad olunub.

Sonra rayon təşkilatının 31 illik fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov xalqımızın ağır sosial-iqtisadi, siyasi və mənəvi-psixoloji böhranla üzləşdiyi dövrdə vətənpərvər insanların, ziyalıların təşəbbüsü ilə yaradılan Yeni Azərbaycan Partiyasının qısa bir müddətdə xalq partiyasına çevrildiyini vurğulayıb.

Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi: “Bu illərdə onlarla partiya yaradılmış, lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə respublikadakı ümumi vəziyyəti daha da ağırlaşdıraraq iqtisadi və siyasi böhran yaratdı. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və xalqın sınanmış lideri Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lərin müraciəti” kimi daxil olmuş həmin sənəd əslində bütöv xalqın arzu və istəyinin ifadəsi idi”.

Azər Süleymanov Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkədə sabitliyi bərpa etdiyini, separatçı qüvvələri zərərsizləşdirdiyini söyləyib. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun Prezident İlham Əliyevin uğurla davam etdirməsi sayəsində Azərbaycanın dünyanın dinamik inkişaf edən, müasirləşən bir dövlətinə çevrildiyi vurğulanıb.

Sonra YAP Nəsimi rayon təşkilatının yaradılmasında və fəaliyyətində xidmətləri ilə fərqlənən bir qrup şəxsə təşəkkürnamə, partiyaya yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.