"İnanırıq ki, Azərbaycan vətəndaşları növbədənkənar parlament seçkilərində fəal iştirak edərək layiqli namizədlərinə səs verəcəklər".

"Unikal" xəbər verir ki, bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov növbədənkənar parlament seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə səsləndirib.

Seçki prosesində prokurorluq orqanlarının fəaliyyətindən danışan E.Məmmədov maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib.

“Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, seçki komissiyalarının işinə müdaxilə edənlər cinayət məsuliyyətinə və inzibati məsuliyyətə cəlb olunurlar. Bunun üçün konkret qayda və normalar var. Məcəllənin 112-ci maddəsinə uyğun olaraq seçicilərin və namizədlərin seçki hüquqlarının pozulduğu halda müvafiq quruma şikayət etmək hüququ var”.

E.Məmmədov vurğulayıb ki, Cinayət Məcəlləsinə uyğun olaraq, seçki prosesinə maneə yaradanlar məsuliyyətə cəlb edilirlər.