Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən Aynur Bayramovanın vəkili Zaur Hüseynovun hakimə etirazı elan olunub.
Vəkil bu işə hakim Azad Məcidovun sədrliyilə baxılmasını istəmədiyini qeyd edib. O, yazılı şəkildə etirazını elektron məhkəmə sisteminə yerləşdirib. Bu barədə məhkəmədə də elə hakim özü məlumat verib. Lakin vəkilin etirazı müzakirəyə çıxarılmayıb.
Daha sonra hakim zərərçəkmiş Solmaz Eyvazovanın məhkəməyə göndərdiyi mülki iddianı elan edib. Zərərçəkmiş göstərib ki, təqsirləndirilən şəxslərdən Aysel Məmmədovaya 6800 manat pul verib, əvəzində ona saxta qəbz verilib. O, həmin pulun qaytarılmasını tələb edib. Solmaz Eyvazova özü məhkəmə iclasında iştirak etmədiyinə görə onun mülki iddiası da müzakirə olunmayıb.
Təqsirləndirilən şəxslərdən Nuridə Seyidova ötən məhkəmə iclasında ifadə versə də, tərəflərin suallarına cavablar növbəti iclasa qalmışdı.
Bugünkü iclasda Nuridə Seyidova əvvəlcə prokuror Fariz Rzayevin suallarına cavablandırıb . O, suallara cavab verərkən deyib ki, zərərçəkmişlərdən bəzilərindən müalicə adıyla pulları digər təqsirləndirilən Aysel Məmmədova ilə brilikdə alıblar. Onun sözlərinə görə, Aynur Məmmədova özünə çatan pulları götürüb.
Daha sonra Nuridə Seyidova zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi haqda sualı cavablandırıb. O bildirib ki, həbsdən buraxılarsa, ziyanın ödənilməsi üçün müəyyən addımlar ata bilər.
Nuridə Seyidovanın bu sözlərinə hakim Azad Məcidov belə cavab verib: “Mənim qarşımda şərt qoyursunuz ki, sizi buraxaq, gedib ziyanın ödənilməsi üçün iş görəsiniz? Mən 15 ildir hakiməm. Burada belə işlərə çox baxmışıq. Burada elə işə baxırdıq ki, 11 milyonluq ziyan vardı. Deyirdi ki, məni 2 günlük buraxın, gedim Dubayda bankdan pullarımı götürərək gəlim. Çünki bankda özü imza edərək pulu götürə biləcəyini deyirdi. Siz işin mahiyyətindən danışın ki, kimin vasitəsilə bu işə cəlb olunmusunuz, xəstələri hardan tapırdınız?”.
Hakim əlavə edib ki, talassemiyalı xəstələrin əməliyyatı üçün donorun tapılması çətin prosesdir. O xatırladıb ki, donor külli miqdarda pul tələb edə bilər. Hazırlıq prosesindən tutmuş, əməliyyatın özünə qədər ciddi vəsait tələb edən prosesdir.
Hakim soruşub ki, talassemiya xəstəliyi və onun müalicəsi haqqında məlumatları var idimi?
Nuridə Seyidova suala cavabında bildirib ki, bu sahə ilə bağlı məlumatsız idi. Onun sözlərinə görə, bu işləri araşdırmağı Aynur Bayramovaya həvalə edib. Çünki o, əvvəllər Talassemiya Mərkəzində işləyib.
Zərərçəkmişlərdən Sahid Mövsümov məhkəmədə bildirib ki, bu cinayət işində adı keçən talassemiyalı xəstələrdən biri olan 12 yaşlı uşaq iki gün əvvəl vəfat edib. O, bu məsələnin araşdırılmasını istəyib: “Bu, bir ailə üçün böyük faciədir. Burada bunları araşdırmaq lazımdır. Həm ailənin pulu gedib, həm də övladı. Araşdırmaq lazımdır ki, bu şəxslər Talassemiya Mərkəzinə necə keçiblər. Bunun üçün Səhiyyə Nazirliyinə sorğu göndərilməlidir. Çünki Talassemiya Mərkəzi qapalı müəssisədir. Bu adamların orada qeydiyyatda olan xəstələrin siyahısına necə əlləri çatıb? Onların qan nümunələri oradan götürülüb, Türkiyəyə aparılaraq laboratoriyadan keçirilib. Bu məsələlər mütləq araşdırılmalıdır. Bu işdə 1 milyon manata yaxın ziyan var. Bu pullar hara gedib? Bu işin kökünü araşdırmaq lazımdır”.
Zərərçəkmiş tribunada çıxış edib, bu fikirləri səsləndirərkən qəfildən vəziyyəti pisləşib və huşunu itirib. Qarabağ müharibəsi əlili olan Sahid Mövsümov epilepsiya xəstəliyindən əziyyət çəkir. O, təqsirləndirilən şəxslərə uşağının müalicəsi üçün pul verib.
Zərərçəkmişin huşunu itirməsilə əlaqədar məhkəmə prosesində fasilə elan olunub. Fasilədən sonra sualların cavablandırılması davam etdirilib.
Nuridə Seyidova bildirib ki, xəstələri Aynur Bayramova və Aysel Məmmədova cəlb edib.O, əlavə edib ki, cəlb olunan xəstələrdən təxminən 30 nəfərin müalicəsinə köməklik göstəriblər.
Nuridə Seyidova onu da qeyd edib ki, anasına məxsus evi sataraq, zərərçəkmişlərə ziyanın ödənilməsinə xərcləyib. Amma o, satılmış evin hansı ünvanda yerləşdiyini, satışdan əldə olunan vəsaitin hansı zərərçəkmişlərə ödənilməsi haqda suallara “xatırlamıram” cavabını verib.
Bundan sonra hakim Nurdidə Seyidovanın diqqətinə çatdırıb ki, o, əsas adamlardan biridir. Hakim təqsirləndirilən şəxsin “bilmirəm”, “xatırlamıram” kimi cavablarla kifayətlənməyin mümkünsüz olduğunu deyib: "Zərərçəkmişlərə demisiniz ki, beynəlxalq təşkilatlar vəsait köçürərək, əməliyyatlara yardım edəcək. Bunlar hansı təşkilatlardır, onlardan danışın”.
Daha sonra Aynur Bayramovanın vəkili onun ev dustaqlığına buraxılması barədə vəsatət verib. Vəkil bildirib ki, Aynur Bayramova kəskin xəstəlikdən əziyyət çəkir.
Vəkil qeyd edib ki, onlar bununla müvafiq orqana sorğu verib və cavab alıb: “Həmin cavabı da vəsatətə əlavə edirik. Orada da onun xəstə olması təsdiqlənir. Bu xəstəliyin həbsdə müalicəsi mümkün deyil”.
Vəkilin sözlərinə görə, Aynur Bayramovanın özü ilə yanaşı, azyaşlı övladı da xərçəng xəstəliyindən əziyyət çəkir, himayəsində həm xəstə, həm də yetkinlik yaşına çatmayan iki övladı var.
Vəkil söyləyib ki, Aynur Bayramova bir müddət əvvələ qədər həbsdə olmayıb: "Həmin dövrdə istintaqdan, məhkəmədən yayınmayıb, şahidlərə, zərərçəkmişlərə təsir göstərən addımlar atmayıb".
Müşavirə keçirən hakimlər Aynur Bayramovanın ev dustaqlığına buraxılmasıyla bağlı vəsatəti təmin etməyib. Hakim Azad Məcidov bildirib ki, Aynur Bayramova zərərçəkmişlərin heç biri ilə barışıq əldə etməyib, zərərin ödənilməsi istiqamətində addım atmayıb.
Növbəti prosesi iyulun 24-də davam edəcək.
Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Seymur Əli