Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər təyin edilməsinin 55-ci ildönümü münasibətilə “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı, müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin fəaliyyətinə hərs edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Veteranlar Şurası sədrinin müavini, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər.
Qeyd olunub ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri var. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünyaşöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.
Xüsusilə diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən 1969-cu il 14 iyul tarixində təməli qoyulmuş müstəqil və qüdrətli Azərbaycan bu gün Prezident İlham Əliyevın uzaqgörən siyasəti, gərgin əməyi və qətiyyəti sayəsində daha da inkişaf edir, tarixi Zəfərin təntənəsi ilə özünün ən qüdrətli və güclü dövrünü yaşayan ölkəmizdə böyük islahatlar həyata keçirilir.