“Springer” nəşriyyatında çap olunan yüksək impakt faktorlu “Annals of Operations Research” jurnalında (İmpakt Faktoru 4.4) Bakı Mühəndislik Universitetinin (BMU) elm və innovasiya məsələləri üzrə prorektoru, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Ağası Məlikovun amerikalı alimlərlə birgə əsasını qoyduğu elmi nəzəriyyəyə ayrıca yer ayrılıb. 

BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a bildirilib ki, jurnalın xüsusi buraxılışının ön söz məqaləsində “Queueing-inventory: analytical and simulation modeling and classical and retrial queues and inventory” (https://link.springer.com/article/10.1007/s10479-024-06015-3) qeyd olunub ki, xidmət-ehtiyatlanma nəzəriyyəsinin əsasları 30 il əvvəl bir-birindən asılı olmayaraq Ağası Məlikov və amerikalı alimlər Karl Sigman və David Simchy-Levi tərəfindən qoyulub. Son 30 ildə bu nəzəriyyə əməliyyatların tədqiqi elminin xüsusi və boyük sürətlə inkişaf edən sahəsinə çevrilib. Nəzəriyyənin əsas tətbiq sahələri kimi logistik sistemlər, o cümlədən təchizat zənciri şəbəkələri, ticarət sistemləri, ehtiyatların idarə edilməsi, kompüter-kommunikasiya sistemləri və s. göstərilə bilər.  

Qeyd edək ki, adıçəkilən jurnalın 331-ci cildinin 2-ci nömrəsi (https://link.springer.com/journal/10479/volumes-and-issues/331-2) kütləvi xidmət-ehtiyatlanma nəzəriyyəsinin yaranmasının 30 illiyinə həsr edilib. Xüsusi nömrə üçün daxil olan 46 məqalədən yalnız 24-ü ciddi resenziyalardan keçərək jurnalda işıq üzü görüb. Jurnalın dəvət olunmuş redaktorları BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov, Achyutha Krishnamoorthy (Hindistan), Srinivas Chakravarthy (ABŞ) və Viswanath  Narayanandır (Hindistan).