Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrəvanla Bakı arasında sülh prosesinin müsbət nəticələnəcəyi təqdirdə Ermənistanla sərhədin açılmasının mümkünlüyünü istisna etməyib.

"Unikal" xəbər verir ki, jurnalistlər Türkiyə liderindən İrəvan və Bakı sülh müqaviləsi imzalanandan və bölgədə sülh mühiti yaranandan sonra Ankaranın Türkiyə ilə Ermənistan arasında sərhədi açmaq barədə düşünə biləcəyini soruşublar.

"Niyə də olmasın? Biz artıq Paşinyana bu məsələ ilə bağlı hər şeyi demişik. Biz sülh üçün bütün yelkənləri açmalıyıq. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında davamlı sülh əldə olunacaq. Biz bu sülhü bütün qəlbimizlə dəstəkləyirik. Açılış Zəngəzur dəhlizinin yaradılması bu sülh sazişini taclandıracaq bir addımdır”, - deyə Türkiyə lideri Vaşinqtondan Ankaraya qayıdan təyyarədə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu addımlar Azərbaycan, Ermənistan, Türkiyə və regionun digər ölkələrində rifah və sülhə müsbət töhfə verəcək.

“Biz bu cür müsbət aspektləri olan qərarların təxirə salınmadan qəbul edilməsini istəyirik”, - deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, bölgədən müsbət siqnallar gəlir.