Çinin Siçuan əyalətinin Ciqon şəhərində ticarət mərkəzinin yerləşdiyi binada baş verən yanğın nəticəsində 16 nəfər ölüb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 14 mərtəbəli binada yanğın iyulun 17-də axşam saatlarında başlayıb. Alov binanın birinci mərtəbəsindən 6-cı mərtəbəsinə qədər sahəni əhatə edib. Yanğının söndürülməsinə 20 texnika, 100-ə yaxın yanğınsöndürən cəlb olunub. Yanğın söndürüldükdən sonra gecə saat 3 radələrində axtarış-xilasetmə işləri başa çatıb, bina tam boşaldılıb, 75 nəfər təxliyə edilib.

İlkin ehtimala görə yanğın binada aparılan təmir işləri ilə əlaqədar olub.