Tehran İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) iştirakçısı olaraq qalır və onun reabilitasiyasına nail olmaq niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani bildirib.
"2015-ci ildə imzalanmış müqaviləmiz var... ABŞ müqaviləni zədələyərək, müqavilədən çəkildi. Əvvəlki kimi biz iştirak edirik. İndiyədək ABŞ qayıda bilməyib, ona görə də bizim qarşıya qoyduğumuz məqsəd 2015-ci il sənədinin bərpasıdır. Biz yeni razılaşmaya can atmırıq", - deyə o, CNN telekanalına müsahibəsində deyib.
Diplomat nüvə silahının hazırlanması ilə bağlı suala cavab olaraq deyib ki, İranın ali dini lideri Ayətullah Əli Xameneinin nüvə silahını qadağan edən fətvası heç bir dəyişikliyə məruz qala bilməz: "Bu, İranın ali dini hakimiyyəti və eyni zamanda ən yüksək dövlət xadimi olan İran liderinin fətvasıdır. Ona görə də onun verdiyi əmr və fətvaların bütün səlahiyyətli orqanlar tərəfindən icrası məcburidir və heç kim onları poza bilməz və pozmayacaqdır".
Baqeri həmçinin qeyd edib ki, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə İran İslam Respublikası arasında qorunma müqaviləsindən çıxmaq niyyətində deyil.
Ağarza Elçinoğlu