Bu ilin yay aylarında havaların qeyri-sabit keçməsi, küləkli günlərin sayının artması səbəbindən şəhərin müxtəlif ərazilərində qurumuş və qəzalı ağaclar insan həyatı ilə yanaşı şəhər infrastrukturu, kommunikasiya xətləri və vətəndaşların əmlaklarına ciddi təhlükə yaradır.
“Unikal” xəbər verir ki, bununla əlaqədar olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən paytaxt rayonlarında olan yaşıllıqların vəziyyəti ilə bağlı keçirilən monitorinqlər davam etdirilir.
Monitorinq nəticəsində aşkar edilən quru və qəzalı ağacların götürülməsinə rəy alınması üçün yerli icra hakimiyyəti və bələdiyyələr tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət edilib.
Nazirliyin mütəxəssisləri tərəfindən ərazidəki ağaclara baxış keçirilib və quru, qəzalı, xəstəliklərə yoluxmuş ağacların götürülməsi barədə müvafiq rəylər verilib. Daha sonra, qəbul olunan qərarlar əsasında yaşıllıqların götürülməsi həyata keçirilir. Belə ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları paytaxtın Nəsimi, Nərimanov, Yasamal, Xətai, Nizami və Binəqədi rayonlarında ağacların götürülməsi və budanma işləri aparır. Bu günə qədər 250-ə yaxın quru ağacın götürülməsi həyata keçirilib, kəsilən ağaclar və budanan budaqlar ərazidən yığışdırılaraq təmizlənir.
Eyni zamanda Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gündəlik olaraq mövcud ağaclara aqrotexniki qulluq göstərilməsi: ağac və kolların budanması, həmçinin qazon örtüyünün suvarılması və digər işləri həyata keçirirlər.
Qeyd edək ki, payız mövsümündə götürülən hər bir ağacın yerində yerli iqlimə uyğun yeni ağaclar əkiləcək.