COP29-un gündəliyi dünyanın bütün təbəqələrini və iqtisadi sektorları əhatə edəcək.

"Unikal" xəbər verir ki, bunu COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycanın COP29-da sədrliyinin Fəaliyyət Planının təqdimatında deyib.

Onun sözlərinə görə, COP29-da ticarət, enerji, turizm və nəqliyyatda hava emissiyaları ilə bağlı problemlərin həllinə diqqət yetiriləcək. COP29 mövzularına gender bərabərliyi, təhsil və urbanizasiya daxildir.

“Biz həyatın bütün vacib aspektlərini əhatə etməyə çalışırıq, davamlı inkişaf və inklüziv nəticələrə nail olmaq üçün səylərimizi əsirgəməyəcəyik”.

O vurğulayıb ki, COP29-un məqsədi qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdıracaq qərarlar qəbul etməkdir.

“COP29-da milli uyğunlaşma planları, fəaliyyət planları və çoxsaylı təşəbbüslər müzakirə olunacaq, bütün addımlar qlobal və regional əhəmiyyətə malik olacaq”, - deyə Babayev bildirib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.