Alman idman geyim markası "Adidas" Fələstin tərəfdarı fikirləri ilə tanınan model Bella Hadidi retro ayaqqabıların reklam kampaniyasından çıxarıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 1972-ci il Münhen Olimpiadası Fələstin təşkilatının 11 israilli idmançını girov götürərək öldürməsi ilə tarixə düşüb. "Adidas"ın bu olimpiadaları xatırladan SL72 ayaqqabısını yenidən satışa çıxarması və Fələstin əsilli Hadidi kampaniyanın siması etmək qərarı isə reaksiyalara səbəb olub.
27 yaşlı Hadid Qəzzada münaqişə başlayandan Fələstinin hüquqlarını müdafiə etməsi ilə diqqət çəkib. Lakin bu mövqe xüsusilə İsrailyönlü qrupların tənqidinə səbəb olur.
"Adidas" öz bəyanatında kampaniyanı nəzərdən keçirəcəyini bildirib və onun yaratdığı narahatlığa görə üzr istəyib. "Biz inanırıq ki, idman bütün dünyada birləşdirici qüvvədir və biz müxtəlifliyi müdafiə etməyə davam edəcəyik", - deyə şirkətin açıqlamasında qeyd olunub.
İsrailin Almaniyadakı səfirliyi Hadidin seçilməsini sərt şəkildə tənqid edib. Amerika Yəhudi Komitəsi də Hadidin seçilməsini “böyük səhv” adlandırıb.
"Adidas" kampaniyanı digər modellərlə davam etdirəcəyini açıqlayıb. Hadidin görüntüləri sosial mediadan silinsə də, digər məşhurların fotoları efirdə qalıb.
Bu hadisə Qəzzadakı qarşıdurmanın idman və moda dünyasına əksi kimi qiymətləndirilir. İsrailin Qəzzaya hücumları bütün dünyada etirazlara və atəşkəs çağırışlarına səbəb olur.
Gülayə Mecid