23 iyul 2024-cü il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Qanunu ilə Ailə Məcəlləsində dəyişikliklər edilib.
Baş Prokurorluqdan "Unikal"a verilən məlumata görə, dəyişikliyə əsasən, Azərbaycanda nikah yaşının 1 il azaldılmasına yol verilən hal, eləcə də, nikah yaşına çatmayan şəxslə bağlanmış nikahın etibarsız hesab edilməsinə dair hal aradan qaldırılıb.
Belə ki, Ailə Məcəlləsinə əsasən ölkəmizdə nikah yaşı 18 yaş müəyyən olunub.
Qeyd olunan Məcəllənin 10.2-ci maddəsində qeyd olunurdu ki, üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Habelə, həmin Məcəllənin 27.2-ci maddəsində göstərilirdi ki, yetkinlik yaşına çatmayan ərin (arvadın) mənafeyi tələb etdikdə, eləcə də nikahın etibarsız sayılması barədə onun razılığı olmadıqda, nikah yaşına çatmayan şəxslə bağlanmış nikahın etibarsız sayılması barədə iddianı məhkəmə rədd edə bilər.
Dəyişiklik nəticəsində qeyd olunan hər iki norma ləvğ edilib.
Bundan başqa, Ailə Məcəlləsinə yeni - 12.0.2-1-ci və 12.0.2-2-ci maddələr əlavə edilmiş və bununla ölkəmizdə nikahın bağlanmasına mane olan hallar artırılıb.
Hazırda aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
2. övladlığa götürənlər və övladlığa götürülənlər;
3. qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;
4. bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oglu;
5. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
6. qanunla nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;
7. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
Həmçinin yeni qanunla edilən əlavə Ailə Məcəlləsinə yeni əlavə edilmiş 12.0.3-2-ci maddəyə əsasən ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilmir.
Qeyd olunan qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir.