Neftçala Rayon İcra Hakimiyyətinin başçısı rayonun Mirzəqurbanlı kənd sakinləri ilə növbəti səyyar görüşünü keçirib.
"Unikal" xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tatarməhlə kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsi çıxış edərək Mirzəqurbanlı kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.
Çıxış edənlər “Vətənpərvər gənclər, vətənimizin parlaq gələcəyinin təminatçısıdır” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Gənclərin vətənpərvərlik tərbiyəsi dedikdə, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişməsi, onların davranışları, nizam-intizamı, savadlı olmağı, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilmələri, vətəni sevmələri haqqında geniş məlumat veriblər.
Neftçala RİH-in başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, ölkəmizdə gənclərin bu istiqamətdə tərbiyə olunmasına hələ Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən başlanılıb. Ümummilli Lider Heydər Əliyevin gənclərin dəstəkçisi olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verən Ulu Öndər Heydər Əliyev nitqlərinin birində bu barədə belə deyib: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik.” RİH-in başçısı bu gündə Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bütün sahələrdə Prezident cənab İlham Əliyev tərəfindən gənclərə diqqət və qayğının göstərilməsini vurğulayıb.
Möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək, azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi və konkret tövsiyə və tapşırıqlarını verib, Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunması, Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoyub.
Neftçala RİH-in başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.