Gürcüstanda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət muzeyində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin əməkdaşı, mərhum Arif Əliyevin 65 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə ziyalılar, ictimaiyyət adamları, gənclər və QHT rəhbərləri iştirak ediblər.
İlk olaraq Arif Əliyevin, eyni zamanda Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Mərkəzin icraçı direktoru Rezo Həsənov tədbiri giriş sözü ilə açıb.
Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov, Soydaş İctimai Birliyinin sədri Kamran Ramazanlı, professor Mahmud Kamaloğlu, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva, GAK sədri Hüseyn Yusubov, keçmiş deputatlar Ramiz Bəkirov və Ruslan Hacıyev, filologiya üzrə fəlsəfə doktoru Məmmədəli Babaşov, jurnalist Nizami Məmmədzadə və digərləri çıxış edərək Arif Əliyev haqqında xatirələrini bölüşüblər.
Arif Əliyevin bacısı Fatma Əliyeva xatirə mərasimi üçün tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Arif Əliyev 1959-cu il iyul ayının 25-də Bolnisi bələdiyyəsinin Faxralı kəndində ziyalı ailəsində anadan olub. “Gürcüstan Neft və Qazçıxarma” idarəsində aparıcı mütəxəssis qismində ilk əmək fəaliyyətinə başlayan Arif Əliyev 2007-ci ildən SOCAR-ın Gürcüstan nümayəndəliyində əmək fəaliyyətini davam etdirib. O, burada sosial layihələrə rəhbərlik edib və qısa müddətdə burada böyük hörmət və nüfuz qazanıb. Onun təşəbbüsü və birbaşa rəhbərliyi ilə Gürcüstanın müxtəlif bölgələrində sosial yönümlü çoxsaylı layihələr həyata keçirilib. Arif Əliyev ömrünün sonuna kimi SOCAR-ın Gürcüstan nümayəndəliyində çalışıb.