Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gürcüstan Respublikasının Gəncə şəhərinə yeni təyin olunmuş Baş konsulu Kaxaber Abdaladze ilə nəzakət görüşü keçirib.
"Unikal" xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.
Görüşdən əvvəl rəsmilər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Niyazi Bayramov konsulu təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Şəhər rəhbəri qədim Gəncə şəhərinin tarixindən söz açıb, sənaye və iqtisadi potensialından danışıb. Bildirib ki, hazırda şəhərdə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi, “AzərAlüminium” ASC, “Gəncə Şərab - 2” və digər iri sənaye müəssisələri mövcuddur. Eyni zamanda, ötən gündən etibarən “AzerGold” QSC-nin törəmə şirkəti - “AzerBlast” MMC tərəfindən istifadəyə verilən ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu da tam rejimdə fəaliyyətə başlayıb.
Bunlarla yanaşı, Niyazi Bayramov Azərbaycan və Gürcüstan arasında olan dostluq münasibətlərindən də söz açıb. O qeyd edib ki, ötən il görkəmli gürcü yazıçısı Nikolos Barataşvilinin vaxtilə onun çalışdığı Cavadxan dəftərxana muzeyinin binasının fasadına xatirə lövhəsi vurulub.
Kaxaber Abdaladze səmimi görüşə görə öz minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycan və Gürcüstan xalqları tarixən dostluq münasibətlərini qoruyub saxlayıblar. Bu münasibətlərin inkişafına hər iki ölkənin regionları arasında qurulan əməkdaşlıq əlaqələri də təsirsiz ötüşmür. Söhbət zamanı bu əlaqələrin genişləndirilməsi istiqamətində atıla biləcək addımlar, gələcək prespektivlər müzakirə olunub.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.