Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün iyul ayı üzrə növbəti qəbul keçirilib.

"Unikal" xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bir qrup sakini qurumun inzibati binasında qəbul edib.

Tədbirdə həmçinin Yasamal RİH-in məsul şəxsləri də iştirak ediblər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif, müraciət və şikayətləri bərədə ətraflı danışmağı xahiş etdi. İlk öncə söz alan Yasamal rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra Yasamal rayonunun sakinləri tikinti şirkətləri ilə vətəndaşlar arasında kompensasiya məbləğinə dair ixtilaflar, rayonda səki infrastrukturunun təkmilləşdirilməsi, məhəllələrə sərbəst giriş-çıxış imkanları, avtoqaraj sənədləşməsi, tikintiyə icazə, məşğulluq, söküntü ərazisində fərdi tikinti və müxtəlif məsələləri əhatə edən sosial mövzular qaldırdılar. 

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verdi. İcra başçısı sakinləri maraqlandıran suallara ətraflı cavablar və izahatlar verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.