Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı), 320.1 və 320.2-ci (rəsmi sənədi saxtalaşdırmaqla bilə-bilə istifadə etmə) maddələri ilə təqsirli bilinən Ziya Hüseynzadənin növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, cinayət işində zərərçəkmiş qismində tanınan Kənan Rəsulov ifadə verib: "Mən bankdan götürdüyüm kreditlə tikinti işləri aparmağa başladım. Tikinti başlayanda bankın Bakı və Özbəkistan filiallarından əməkdaşlar gəlib baxdılar. Həmin torpaq və əmlakın özüdə banka girov qoyuldu. Krediti hər 3 aydan bir ödəyirdik. Heç vaxt gecikməmiz olmayıb".
Sonra Ziya Hüseynzadənin vəkili Kənan Rəsulova belə bir sual ünvanladı:
- Ziya Hüseynzadə sizinlə bağlı vergi orqanlarına etmişdi ki, ödənişləri ödəmirsiz. Bu barədə nə deyə bilərsiz?
- Məni vergi orqanlarına şikayət etmişdilər, amma dediyiniz xüsusatlarla bağlı hər hansı nöqsan aşkar edilmədi.
Sonra Kənan Rəsulov ifadəsini davam etdirərək bildirdi ki, torpağı girov qoyanda bankın nümayəndəsi ilə Salyan rayonunda yerləşən notariusa getmişik. Ziya mənə ümumilikdə 221 min manat (130 min ABŞ dolları) dələduzluq yolu ilə ziyan vurub. Qalan 60 min dollar sənədləşmə işlərində gedib, onu istəmirəm. Mülki iddiamda 190 min dollar göstərmişdim".
Məhkəmədə o da məlum olub ki, Ziya Hüseynzadə 224 min dollarlıq dəyərində xidməti müqaviləni 2022-ci ilin yanvarın 6-da imzalayıb, 6 ay sonra hüquqi xidmət göstərmək barədə müqavilə bağlayıb.
Məhkəmə prosesinin növbəti iclası sentyabr ayının 18-nə kimi təxirə salınıb.
İttihama görə, “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi olan Ziya Hüseynzadə özü və 3-cü şəxs üçün gəlir əldə etmək məqsədilə rəsmi sənədləri saxtalaşdırılıb, dələduzluq edib. Ziya Hüseynzadə Kənan Rəsulovla birlikdə Salyan rayonunun Yenikənd və Pambıqkənd kəndlərində təsərrüfat üçün ümumi sahəsi 9.6 hektar ərazidə yerləşən istixanalarda tərəvəz məhsullarının yetişdirilməsi üçün “Avropa Yenidənqurma və İnkişaf Bankı”dan 2 milyon dollar kredit almağa nail olub. O, həmin işi görməyərək quruma külli miqdarda ziyan vurub. Bundan başqa, Ziya Hüseynzadə özünü təşkilatın rəhbəri kimi təqdim edərək Zaur Əliyevlə əlbir olaraq “Avropa Yenidənqurma və İnkişaf Bankı”dan 5 milyon 600 min avro kredit alaraq vəd verdiyi işi görməyib və həmin qurumun pulunu ələ keçiriblər. Daha sonra Ziya Hüseynzadə yenidən Zaur Əliyevlə əlbir olaraq cinayətdən xəbərsiz təsisçisi olduğu MMC-nin direktoru, məlum hadisələrdən sonra vəfat etmiş Aydın Rzayevin vaxtı ilə başqa bir işə bağlı verdiyi etibarnaməni saxtalaşdırıblar. Həmin saxtalaşdırılmış etibarnaməni “Muğan Bank”ın baş ofisinə 7 dekabr 2022-ci ildə təqdim ediblər. Bu hərəkətləri ilə onlar 30 min dəyərində vəsaiti nağdlaşdıraraq götürüblər. Bundan başqa, Ziya Hüseynzadə aldatma və ələ keçirmə yolu ilə Kənan Rəsulovun adına iqlim çərçivəsində investisiya adı altında müvafiq qurumdan 260 min avro qrant alıblar. Həmin vəsaitin 133 min avrosunu özünə götürüb. Bu hərəkətləri ilə Kənan Rəsulova həmin miqdarda ziyan vurub. İttihamdan daha sonra göstərilib ki, Ziya Hüseynzadə “Muğan bank”ın Xəzər rayon şöbəsindən 2 milyon dolları nağdlaşdıraraq götürüb.
Xatırladaq ki, Ziya Hüseynzadə keçmiş baş nazir Novruz Məmmədovun gəlininin qardaşıdır.
Seymur Əli