Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2024/2025-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə qabiliyyət imtahanı yekunlaşıb. İmtahan 3 gün davam edib.
"Unikal" xəbər verir ki, abituriyentlər/subbakalavrlar yalnız rəsm fənnindən imtahan verirlər. İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan abituriyentlər/subbakalavrlar məqbul qiymət almış hesab edilir və memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanırlar.
Qabiliyyət imtahanına Dövlət İmtahan Mərkəzinin (DİM) məsul nümayəndələri nəzarət edirlər.
AzMİU-nun rektoru, memarlıq doktoru professor Gülçöhrə Məmmədova imtahandan öncə abituriyentlər/subbakalavrlar qarşısında çıxış edərək tövsiyələrini verib və onlara uğurlar arzulayıb. Daha sonra AzMİU-nun Təsviri incəsənət kafedrasının müəllimləri abituriyentlərə/subbakalavrlara tapşırıqları izah edərək imtahan zalını tərk ediblər.
İmtahan tapşırığını yerinə yetirmək üçün abituriyentlərə/subbakalavrlara 4 saat vaxt verilib.
Xatırladaq ki, 1-ci ixtisas qrupunda xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün ümumilikdə 399 abituriyent/subbakalavr DİM-in saytında qeydiyyatdan keçib. Qabiliyyət imtahanının nəticələrdən narazı qalan abituriyentlərin şikayətlərini araşdırmaq üçün AzMİU-da Apeliyasiya komissiyası yaradılıb. İmtahan nəticələrindən narazı olanlar DİM-in elektron sistemi üzərindən qeydiyyatdan keçərək avqustun 3-də Apeliyasiya komissiyasına müraciət edəcə bilərlər.
Qeyd edək ki, imtahan tapşırıqları AzMİU-nun və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının mütəxəssisləri tərəfindən qiymətləndirilib.