Bakı Mühəndislik Universitetinin (BMU) “Sənaye mühəndisliyi” ixtisasının (ingilis bölməsi) bakalavriat səviyyəsi üzrə builki məzunu Elvin Nəsirov Rusiya Nəqliyyat Universitetinin (Российский университет транспорта (МИИТ)) elan etdiyi təhsil təqaüd proqramının qalibi olub.
"Unikal" xəbər verir ki, nəqliyyat sahəsində gənc milli kadrların hazırlanması məqsədini daşıyan proqram Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi arasında əməkdaşlığa əsasən həyata keçirilir. Təhsilhaqqı tam şəkildə təqaüd proqramı çərçivəsində ödənilir, eyni zamanda qaliblər aylıq təqaüdlə təmin olunur.
BMU məzunu təhsilini Rusiya Nəqliyyat Universitetində “Nəqliyyat proseslərinin texnologiyaları” ixtisası üzrə magistratura səviyyəsində davam etdirəcək. E.Nəsirov BMU-da aldığı yüksək təhsil və qazandığı biliklərin bu uğuru əldə etməsinə imkan yaratdığını bildirib.
Qeyd edək ki, Rusiya Nəqliyyat Universiteti nəqliyyat sahəsi üzrə aparıcı ali məktəb olmaqla bərabər, həm də ən böyük sənaye universitetidir. Universitet nəqliyyat sənayesinin inkişafında kadr təminatı və elmi dəstək üçün baza platforması rolunu oynayır.