Avqustun 2-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Ümid qəsəbəsində növbəti səyyar qəbulu keçirilib.
"Unikal" xəbər verir ki, qəbulda Ümid qəsəbə sakinləri, həmçinin rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Keçirilmiş səyyar qəbulda 60-a yaxın qəsəbə sakini iştirak edib.
Sakinlərdən 3 nəfəri fərdi qaydada dinləyən Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib və bəzi müraciətlər yerindəcə həll edilib.
İcra başçısı çıxış edərək 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək olan konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin ölkəmizdə qəbul edilməsinin gözlənildiyini bildirərək qeyd edib ki, həmin ərəfədə ölkəyə səfər edən qonaqların bir çoxu rayona səfər edərək buranın tarixi abidələrini, o cümlədən Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu, Karvansarayları, ovdanları ziyarət edəcəklər.
Bu səbəbdən də rayon ərazisində geniş abadlıq-quruculuq işləri aparılmaqdadır. Əhali arasında ekoloji və sanitar normaların riayət olunmasına diqqət yetirilməli, bu istiqamətdə maarifləndirici işlər geniş aparılmalıdır.
Bundan əlavə, Qərbi Azərbaycan İcmasının işindən geniş söz açıb. O, icmanın tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyası binasının açılışı olduğunu qeyd edərək bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 200 ildə mərhələli şəkildə öz el-obasından deportasiya edilən azərbaycanlılar, Qərbi Azərbaycanda məhv edilən Azərbaycan irsi barədə həqiqətlərin çatdırılmasına, o cümlədən sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıdış uğrunda aparılan fəaliyyətə yaxından dəstək olmağa istiqamətlidir. Bu işdə əhalinin yaxından iştirak etməsini xahiş edərək, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycan Televiziyasının sosial şəbəkələrdə olan profillərinin izlənilməsi, orada paylaşılan materialların bəyənilməsi və paylaşım edilməsininin vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, Qaradağ RİH başçısı tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcək.