Depressiya bütün dünyada milyonlarla insana təsir edən ümumi və ciddi psixi sağlamlıq problemidir. Bir çox insanlar depressiyanı yalnız kədər, melankoliya və maraq itkisi ilə əlaqələndirsələr də, bu mürəkkəb vəziyyətin daha az bilinən simptomları da vardır.

"Unikal" xəbər verir ki, xüsusilə depressiyanın “maskalanmış” formalarından biri olan ifrat xoşbəxtlik və şövq halı bir çox insan tərəfindən fərqinə varılmaya bilər. 

Mütəxəssislər depressiyanın yalnız bədbəxtlik və ümidsizliklə məhdudlaşmadığını, bəzən insanın özünü zorla xoşbəxt və enerjili göstərdiyi vəziyyətlərdə də ortaya çıxa biləcəyini açıqlayıblar. "Maskalı depressiya" deyilən bu vəziyyət insanın daxili sıxıntısını və emosional ağrısını gizlədir və xaricə doğru yalançı xoşbəxtlik yaradır. Bu tip depressiya isə insanın əsl emosional vəziyyətini anlamaqda çətinlik yaradır və buna görə də lazımi yardımı almasına mane ola bilər. Bu vəziyyət xüsusilə sosial medianın təsiri ilə çox bağlıdır. Burada insanlar daim xoşbəxt və uğurlu görünmək istəyirlər.

Mütəxəssislər, həmçinin, depressiyanı anlamaq və onu düzgün idarə etmək fərdlərin sağlam həyat sürməsi üçün həyati əhəmiyyət daşıdığını qeyd edirlər.

Depressiyanın simptomları insandan insana dəyişə bilər, lakin ümumi simptomlar aşağıdakılardır:

- Davamlı kədər, boşluq və ya ümidsizlik hissi
- Maraq və ya həzzin itirilməsi
- Aşağı enerji və yorğunluq
- Yuxusuzluq və ya həddindən artıq yuxu
- İştahın dəyişməsi, kilo itkisi və ya artması
- Konsentrasiyada çətinlik və qərarsızlıq
- Fiziki simptomlar (ağrılar, baş ağrıları və s.)
- Ölüm və ya intihar düşüncələri.

Zərifə Nağıyeva