Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində fəaliyyət göstərən fiziki şəxs Şirinov Elşən Yolçu oğluna məxsus dönərxanada yoxlama keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə müəssisəsində sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib.
Qida obyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, eyni zamanda dönər hazırlanması prosesində çalışan işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri (əlcək, önlük, saç toru və s.) ilə təmin edilmədiyi aşkarlanıb. Bundan başqa, qida obyektində mütəmadi təmizlik işləri, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin sağlamlıq arayışı ilə təmin olunmadığı, habelə köməkçi sahədə quraşdırılmış yuma çanağının antisanitar vəziyyətdə olduğu və digər nöqsanlar müəyyən edilib.
Aşkar olunan nöqsanlarla əlaqədar olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.